Su filteri seçərkən nəyə diqqət edilməlidir?

Su filteri ilə suyun filterlənməsi prosesi sudakı zərərli kimyəvi qatqıların, xəstəlik yarada biləcək mikroorqanizmlərin uzaqlaşdırılması məqsədi ilə həyata keçirilir. Bundan başqa, suyun filterlənməsi nəticəsində əlavə müsbət keyfiyyətlər də əldə edilmiş olur: suyun yumşaldılması, onun xüsusiyyətlərinin yaxşılaşdırılması, duz tərkibinin və dəmir səviyyəsinin azaldılması. Ancaq müxtəlif məkanlarda suyun tərkibi fərqlənir ki, bu da lazımi filterləmə prosedurlarının gedişat və həcminə təsir göstərir. Bu səbəblərdən dolayı suyun filterlənmə üsulunu seçərkən bəzi zəruri amilləri nəzərə almaq vacibdir.

 

Suyun təmizliyi və içmək üçün yararlı olması əsasən dörd göstərici əsasında dəyərləndirilir:

• Fiziki – şəffaflıq və ya bulanıqlıq dərəcəsi
• Kimyəvi – sərtlik, duz və bəzi mikroelementlərin tərkibi
• Orqanoleptik – rəng, iy və dad keyfiyyətləri
• Sanitar-bakterioloji – zərərli mikroorqanizmlərin olub-olmaması

Nəzərə almaq lazımdır ki, su təmizləmə müəssisələri tərəfindən istifadə edilən su filtrasiya avadanlıqları suyun kifayət qədər filterlənməsini təmin etməyə bilər. Məsələ burasındadır ki, ilkin filterlənmədən sonra su yekun istehlakçıya çatana qədər bəzən uzun illər boyu dəyişdirilməmiş ötürücü şəbəkələrdən, borulardan keçib gəlir. Bu zaman ərzində boruların divarlarında suyun tərkibinə və keyfiyyətinə mənfi təsir göstərə biləcək sərt duzlar və kimyəvi qatqılı çöküntülər yığılmış olur. Məhz buna görə mətbəxdə, qab yumaq, yemək bişirmək və içmək üçün əlavə su filterinin quraşdırılması məsləhət görülür.
Bu, xarici amillərlə birgə suyun çöküntü səviyyəsi və təbii minerallaşma dərəcəsi ilə əlaqədar olan daxili amillər də var. Bir çox insan su filteri əvəzinə qablaşdırılmış içməli su almağı üstün tutur, lakin bu seçim həddindən artıq məsrəflidir.
Qeyd etdiyimiz hallara fikir verərək, su filterlərinin seçimi məsələsinə fərdi yanaşmaq gərəkdir. Yaşadığınız əraziyə aid olan göl və qrunt sularının özəlliklərini təhlil etmək, eyni zamanda su filterlənməsi üçün nəzərdə tutulmuş konstruksiya və su filtrasiya avadanlığını dəqiq müəyyən etmək vacib məsələdir.

Su filterlərinin növləri

Su filterləri quruluşuna görə iki növ olur:
1. Mexaniki filterlər
2. Tərs (əks) osmos sistemli filterlər

Mexaniki filterlər

Mexaniki su filterləri hər ikisi ümumi xəttə quraşdırılmaqla iki hissədən ibarətdir. Birinci hissədə suyun tərkibindəki daş, qum, çınqıl aradan qaldırılır, ikinci hissə isə suyun yumşaldılması və daha dərindən təmizlənməsinə xidmət edir ki, bu da kombi, ariston kimi cihazlardakı ərplənmənin, kirəcləşmənin qarşısını alır.

mexaniki su filteri

Əks osmos sistemli su filterləri

Hal-hazırda dünyada ən çox istifadə edilən filterlər əks osmos sisteminə əsaslanan su filterləridir. Bu növ filterlər çoxpilləlidir və suyun tam olaraq təmizlənməsi üçün ideal sayılır.
Tərs osmos sistemli su filterlərinin əsas işləmə prinsipi aşağıdakı kimidir:
Şəbəkədən gələn su əvvəlcə pambıq filterinə daxil olaraq nisbətən irihəcmli zibillərdən – daş, çınqıl, qum və s.-dən təmizlənir. Daha sonra su xırdalanmış kömür filterinə keçir ki, bu da sudakı qoxu, dad və xlorun aradan qaldırılmasına şərait yaradır. Növbəti filter isə sudakı bulanıqlığı götürərək onu şəffaflaşdıran preslənmiş kömür filteridir. Bütün təmizləmə işləri filterlərin daxilində yerləşən kartriclər vasitəsilə həyata keçirilir. Daha sonra vakuumla əhatələnmiş membran filterə daxil olan su molekulyar səviyyədə tamamilə təmizlənib xam hala salınır. Xam suyun ağız dadına uyğun olmaması səbəbilə su son iki mərhələdən – dəmirlə zənginləşdirici kokos və mineralla, yodla zənginləşdirici mineral filterindən keçirilərək çənə, oradan da krana daxil edilir.

əks osmos su filteri

Su filterlərinin satış qiyməti filter qurğularının açıq və ya qapalı olmasına görə dəyişir. Qapalı qurğular qətiyyən əl təmasına məruz qalmadığı üçün daha baha, daha sağlam və daha məsləhətlidir.